
BVF Azərbaycanın iqtisadi artım proqnozlarını açıqlayıb
Azərbaycanın dövlət borcunun növbəti onillik ərzində ümumilikdə ÜDM-in təxminən 20 faizi səviyyəsində sabit qalacağı gözlənilir.
Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında məlumat verilib.
Fondun qiymətləndirmələrinə əsasən, Azərbaycanın dövlət borcu 2026-cı ildə ÜDM-in 20 faizini təşkil edəcək, 2027-ci ildə 19,9 faizə, 2028-ci ildə 19,8 faizə, 2029-cu ildə isə 19,7 faizə qədər azalacaq. Daha sonra göstəricinin 2030-cu ildə yenidən 20 faiz səviyyəsinə qayıdacağı, ardınca isə artım trendi nümayiş etdirəcəyi proqnozlaşdırılır.
Belə ki, 2031-ci ildə dövlət borcunun ÜDM-də payı 20,5 faiz, 2032-ci ildə 21,3 faiz, 2033-cü ildə 21,4 faiz, 2034-cü ildə isə 21,9 faiz səviyyəsinə yüksələcək.
Müqayisə üçün qeyd olunur ki, Azərbaycanın dövlət borcu 2024-cü ildə ÜDM-in 21,6 faizini təşkil edib, 2025-ci ildə isə 20,1 faizə enib.
BVF-nin proqnozlarına görə, Azərbaycanın iqtisadiyyatı 2026-cı ildə 2,2 faiz artacaq, 2027–2031-ci illərdə isə illik artım tempi 2,5 faiz səviyyəsində sabitləşəcək.
Fondun qiymətləndirməsinə əsasən, neft sektoru üzrə, o cümlədən neft və qaz hasilatı və emalı sahəsində 2026-cı ildə 2 faiz azalma gözlənilir. Sonrakı illərdə isə azalma tempi zəifləyərək 2027–2031-ci illərdə illik 0,5 faiz səviyyəsinə enəcək.
Eyni zamanda BVF qeyri-neft ÜDM-nin 2026-cı ildə 3,7 faiz, 2027-ci ildə 3,8 faiz artacağını, 2028–2031-ci illərdə isə illik 3,5 faiz səviyyəsində sabit qalacağını proqnozlaşdırır.