BVF Azərbaycan üçün yeni ÜDM proqnozunu açıqlayıb

BVF Azərbaycan üçün yeni ÜDM proqnozunu açıqlayıb

BANK
350

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 2,1% artacağını proqnozlaşdırır.

Fins.az bu barədə BVF-nin hesabatına istinadən məlumat verir ki, BVF-nin qiymətləndirmələrinə əsasən, fiskal siyasətin tədricən yumşaldılması və inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonu daxilində mülayim səviyyədə qalması iqtisadi artımın sürətlənməsinə şərait yaradacaq.

Hesabatda qeyd olunur ki, 2026-cı ildə qeyri-neft ÜDM artımı 3,7%-ə qədər yüksələcək, daha sonra isə orta müddətli dövrdə təxminən 3,5% səviyyəsində sabitləşəcək. Bu dinamika fiskal konsolidasiyanın zəifləməsi və geosiyasi gərginlik fonunda neft və qaz qiymətlərinin artmasının dolayı təsirləri ilə izah edilir. Bununla belə, biznes etimadının və investisiya fəallığının azalması bu müsbət təsirləri qismən kompensasiya edəcək.

BVF analitiklərinin qiymətləndirməsinə görə, neft sektorunda istehsal məhdudiyyətləri səbəbindən ÜDM artımına mənfi təsir davam edəcək. 2026-cı ildə neft ÜDM-in 2% azalacağı, sonrakı dövrdə isə azalmanın 0,5%-ə qədər yavaşıyacağı gözlənilir ki, bu da ümumi iqtisadi artımı orta müddətdə təxminən 2,5% səviyyəsində məhdudlaşdıracaq.

İnflyasiya ilə bağlı proqnozlara əsasən, Yaxın Şərqdəki münaqişələr fonunda idxal olunan ərzaq qiymətlərinin artması nəticəsində 2026-cı ilin sonuna qədər inflyasiya 6%-ə qədər yüksələ bilər.

Eyni zamanda, BVF bildirir ki, cari hesab balansı 2026-cı ildə karbohidrogen qiymətlərinin artması hesabına əhəmiyyətli dərəcədə yaxşılaşacaq, lakin orta müddətli dövrdə tədricən zəifləmə müşahidə olunacaq. Dövlət Neft Fondunun (SOFAZ) aktivlərinin isə enerji daşıyıcılarının yüksək qiymətləri fonunda artmaqda davam edəcəyi proqnozlaşdırılır.

Hesabatda həmçinin qeyd olunur ki, Yaxın Şərqdə münaqişələrin eskalasiyası enerji qiymətlərinin artmasına və Azərbaycanın xarici göstəricilərinin yaxşılaşmasına səbəb ola bilsə də, eyni zamanda inflyasiya təzyiqlərini gücləndirə, qlobal ərzaq qiymətlərini yüksəldə və qeyri-müəyyənliklə yanaşı miqrasiya risklərini artıra bilər.

BVF əlavə olaraq vurğulayır ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunacaq irəliləyiş iqtisadi artım üçün əlavə imkanlar yarada bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BVF Azərbaycan üçün yeni ÜDM proqnozunu açıqlayıb — Fins.az — Fins.az