
Bank xidmətlərində müştəri seçimi güclənməlidir - Taleh Kazımov
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank xidmətləri və tariflərlə bağlı müştərilərə alternativ seçim etməyi tövsiyə edib.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, bank xidmətlərindən narazı olan müştərilər bankı dəyişməlidir.
“Bank xidmətindən, tariflərdən narazısınızsa, bankı dəyişin. Banklar hiss etsinlər ki, müştəri seçir”, – deyə AMB sədri bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hələ də “bank müştərini seçir” yanaşması mövcuddur, lakin bu, azad bazar prinsiplərinə uyğun deyil.
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bank tariflərə birbaşa müdaxilə etmir və qiymətlərin bazar tərəfindən müəyyən olunmalı olduğunu düşünür.
Eyni zamanda o bildirib ki, maliyyə sektorunda istehlakçı hüquqlarının qorunması üzrə nəzarət gücləndirilib və 2025-ci ildən bu istiqamətdə daha aktiv monitorinq aparılır.
AMB sədri əlavə edib ki, bankların müştəri hüquqlarını pozması onların tənzimləmə səviyyəsinə də təsir edəcək.