
Bank əmanətlərində kapitalizasiya ilə gəlir artır
Fins.az – PAŞA Bank ASC müştərilərinə hesablanmış faizlərin kapitalizasiyası hesabına daha çox gəlir əldə etmək imkanı yaradan “Toplanan Faizlər (Kapitalizasiya) ilə Depozit” məhsulunu təqdim edir.
Bankın məlumatına görə, depozit Azərbaycan manatı (AZN), ABŞ dolları (USD) və avro (EUR) valyutalarında yerləşdirilə bilər. Depozit üzrə minimum məbləğ 20 000 AZN, USD və ya EUR, müddət isə 12, 24 və 36 ay təşkil edir.
Bildirilir ki, depozitin effektiv faiz dərəcəsi onun valyutası və müddətindən asılı olaraq müştəri ilə fərdi razılaşma əsasında müəyyən edilir.
Bank qeyd edir ki, müştəri depozitin tam məbləğini və ya bir hissəsini vaxtından əvvəl geri götürdükdə müqaviləyə xitam verilir. Bu halda müştəriyə yalnız ilkin depozit məbləği qaytarılır, hesablanmış faizlər isə ödənilmir.
Məlumata əsasən, müştəri depozitin qaytarılması üçün banka müraciət etmədiyi halda, bank müddətin uzadılmasına razılıq verərsə, depozit eyni müddətə və uzadılma tarixində qüvvədə olan faiz dərəcəsi ilə yenidən yerləşdirilmiş hesab olunur. Bank müddətin uzadılmasına razılıq vermədiyi halda isə faiz hesablanmır və depozitin geri qaytarılması barədə müştəriyə bildiriş göndərilir.