
Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” işə başlayıb
İyunun 9-da Bakı şəhərində “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işə başlayıb.
Sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksəksəviyyəli platforma kimi təşkil olunub.
Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin bank assosiasiyaları, həmçinin Qazaxıstan Maliyyəçilər Assosiasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.
Sammit çərçivəsində qlobal bankçılıq və maliyyə sektorunda 2026-cı ilin əsas trendləri, regional əməkdaşlığın gücləndirilməsi, ödəniş sistemlərinin inteqrasiyası, müxbir bank əlaqələrinin inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi məsələləri müzakirə olunur.
Tədbirin gündəliyinə bankçılıqda rəqəmsal transformasiya, açıq bankçılıq və API ekosistemləri, süni intellekt əsaslı maliyyə həlləri, kibertəhlükəsizlik, komplayens və AML/CFT mexanizmləri, alternativ bankçılıq, yaşıl maliyyə, investisiya imkanları və maliyyə savadlılığı kimi mövzular daxildir.
Sammit bank və maliyyə sektorunun rəhbərlərini, tənzimləyici qurumları, texnologiya şirkətlərini, startapları, investorları və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirərək fikir və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır.


