
Azərbaycanın ilkin gəlirlər balansı bu ilin I rübündə profisitə keçib
Fins.az – 2026-cı ilin birinci rübündə Azərbaycanın ilkin gəlirlər balansı son illərdə ilk dəfə profisitə keçib. Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, profisitin əsas səbəbi neft-qaz sektorunda fəaliyyət göstərən Azərbaycan müəssisələrinin xaricdə yerləşdirilmiş birbaşa investisiyalarından əldə edilən faiz və dividend gəlirlərinin artmasıdır.
Rəsmisi qeyd edib ki, vaxtilə xaricə yönəldilmiş investisiyalardan əldə olunan gəlirlər hazırda ölkəyə daxil olur və yenidən investisiya kimi xaricdə yerləşdirilərək gələcək dövrlərdə gəlirlərin artmasına xidmət edir.
Eyni zamanda fiziki şəxslərin, xüsusilə İrlandiyaya yönələn pul köçürmələrində artım müşahidə olunsa da, bu əməliyyatların ümumi makroiqtisadi göstəricilərə ciddi təsir göstərmədiyi bildirilib.
Kapital və maliyyə balansında yaranan kəsirin əsas səbəbi isə portfel investisiyalarının azalması olub. Bu dəyişiklik təxminən 2 milyard dollar səviyyəsində qeydə alınıb və Cənub Qaz Dəhlizi çərçivəsində emissiya olunmuş avrobondların geri alınması ilə əlaqələndirilib.