
Azərbaycanda mənzil bazarında qiymət artımı 12,2% olub
Mənzil bazarında qiymətlərin artım tempində sabitləşmə müşahidə olunur.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə mənzil bazarında qiymətlər ümumilikdə 12,2% artıb. Artım həm ilkin, həm də təkrar bazar seqmentlərini əhatə edib.
Belə ki, ilkin mənzil bazarında qiymətlər 12,7%, təkrar bazar üzrə isə 12,2% artım göstərib. Qeyd olunub ki, ilkin bazarda artım tempi sabit qalsa da, təkrar bazarda artım sürətində azalma müşahidə olunub.
Azərbaycan Mərkəzi Bankının açıqlamasında vurğulanıb ki, 2025-ci ildə mənzil qiymətlərinin artımı əhalinin sərəncamda qalan gəlirlərinin artım tempini üstələyib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin dövrdə mənzil qiymətləri 12,2%, sərəncamda qalan gəlirlər isə 7,6% artıb.
Bununla belə, il ərzində mənzil qiymətlərində artım tempinin azalması fonunda qiymət artımı ilə gəlir artımı arasındakı fərq tədricən daralıb ki, bu da bazarda müəyyən sabitləşmə meyillərini göstərir.