
Azərbaycanda inflyasiya proqnozu dəyişə bilər – AMB
Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenarisinə əsasən, 2026-cı və 2027-ci illərin sonuna illik inflyasiyanın hədəf diapazonunda qalacağı ilə bağlı proqnozun dəyişməz qaldığı bildirilir.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, AMB-nin açıqlamasında son meyillərin təhlilinin 2026-cı il üzrə inflyasiya proqnozunun artma istiqamətində yenilənməsi ehtimalını göstərdiyi qeyd olunur.
Məlumatda vurğulanır ki, ötən iclasdan sonra inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə edilir. Bildirilir ki, regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini artırır.
Qeyd olunur ki, mövcud şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft və qaz təchizat zəncirlərində yarana biləcək pozuntular, enerji məhsullarının bahalaşması və logistika xərclərinin artması ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.
AMB-nin məlumatına əsasən, idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarındakı inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq.
Bununla yanaşı, daxili risk faktorları arasında təklif və xərc amillərinin hələ də mühüm rol oynadığı bildirilir.