
Azərbaycanda debet kart əməliyyatlarında həm say, həm də həcm artıb
2026-cı ilin fevral ayında Azərbaycanda debet kartlarından istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 210,9 milyon vahid, ümumi həcmi isə 11,566 milyard manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin fevral ayı ilə müqayisədə debet kart əməliyyatlarının sayı 52,2 milyon və ya 32,9% artıb, ümumi həcmi isə 1,389 milyard manat və ya 13,7% yüksəlib. Müqayisə üçün qeyd edilir ki, 2025-ci ilin fevral ayında bu göstəricilər müvafiq olaraq 158,7 milyon əməliyyat və 10,177 milyard manat olub.
Hesabat dövründə ödəniş kartlarının sayında da artım müşahidə olunub. Belə ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemi və Azərpoçt MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 minə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 10% artım nümayiş etdirib.
Nəticə etibarilə, Azərbaycanda nağdsız ödənişlərin genişlənməsi fonunda debet kartlardan istifadə dinamik şəkildə artır və bu tendensiya maliyyə sektorunda rəqəmsallaşmanın gücləndiyini göstərir.