
Azərbaycanda BKM vasitəsilə aparılan ödənişlərin həcmi 3 milyard manata yaxınlaşıb
Fins.az – 2026-cı ilin may ayının sonuna Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 2,998 milyard manat məbləğində 74,483 milyon ödəniş əməliyyatı həyata keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilib.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə BKM vasitəsilə həyata keçirilən əməliyyatların sayı 2,523 milyon və ya 3,5 faiz artıb, əməliyyatların ümumi məbləği isə 310 milyon manat və ya 9,4 faiz azalıb.
Qeyd edək ki, ötən ilin may ayının sonuna Banklararası Kart Mərkəzi vasitəsilə 3,308 milyard manat məbləğində 71,960 milyon ödəniş əməliyyatı aparılmışdı.
Xatırladaq ki, Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur. Mərkəz banklar arasında ödəniş məlumatlarının düzgün ötürülməsini və hesablaşmaların yekunlaşdırılmasını təmin edir.
AMB-nin məlumatına əsasən, 2026-cı ilin may ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 min ədədə çatıb.
Qurum bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb. Həmin dövrdə debet kartlarının sayı 13 faiz artdığı, kredit kartlarının sayı isə 3 faiz azaldığı qeyd olunub.
Mərkəzi Bank vurğulayıb ki, ödəniş kartlarının sayındakı artım nağdsız hesablaşmaların genişlənməsinə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.