
Azərbaycanda bank sektorunda biznes kreditləri artıb
2025-ci ilin yekunlarına görə Azərbaycanda bank sektorunun biznes portfeli artım nümayiş etdirərək 16,1 milyard manata çatıb.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 8,9 faiz və ya 1,32 milyard manat çoxdur.
Açıqlanan rəqəmlərə görə, biznes kreditləri üzrə ən yüksək dinamika nəqliyyat sahəsində müşahidə olunub. Belə ki, bu istiqamətdə artım 30,5 faiz və ya 450 milyon manat təşkil edib. Tikinti sektorunda kredit portfeli 25,4 faiz (350 milyon manat), kənd təsərrüfatında 16,8 faiz (300 milyon manat), informasiya və rabitə sahəsində isə 23,4 faiz (150 milyon manat) genişlənib.
Eyni zamanda, bank sektorunun ümumi maliyyə göstəricilərində də artım davam edib. 2025-ci ildə cəmi aktivlər 7,7 faiz və ya 4,1 milyard manat artaraq 57,1 milyard manata yüksəlib. Öhdəliklər isə 7,2 faiz və ya 3,3 milyard manat artım göstərərək 49,7 milyard manat təşkil edib.
Nəticədə, sektorun dərinlik indikatoru hesab olunan aktivlərin ÜDM-ə nisbəti 2,3 faiz bəndi yüksələrək 44,2 faizə çatıb.