
Azərbaycanda Açıq Bankçılıq çərçivəsində AÖS köçürmələrinə limit müəyyən edilib
Azərbaycanda “Açıq Bankçılıq” çərçivəsində Ani Ödənişlər Sistemi (AÖS) üzərindən həyata keçiriləcək köçürmələr üçün maksimum limit 40 min manat müəyyən edilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan məlumat verib.
Onun sözlərinə görə, müəyyən edilən 40 min manatlıq limit hər bir istifadəçinin mütləq bu məbləğdə köçürmə edə biləcəyi anlamına gəlmir və ümumi çərçivəni ifadə edir.
Qeyd olunub ki, banklar öz risk siyasətinə uyğun olaraq daha aşağı limitlər müəyyən edə bilərlər. Məsələn, bəzi banklar 5 min manat, digərləri isə 10 min manat və ya fərqli məbləğlər üzrə əməliyyat icazəsi tətbiq edə bilər.
Elmar Didəkənan bildirib ki, köçürmələr FİN kod, mobil nömrə və ya IBAN vasitəsilə həyata keçiriləcək. Eyni zamanda komissiya haqları bankların daxili siyasətinə uyğun müəyyən ediləcək və bəzi banklar ümumiyyətlə komissiya tətbiq etməyə bilər.
O əlavə edib ki, kredit kartları ilə aparılan əməliyyatlarda komissiya saxlanılacaq.
AMB rəsmisinin sözlərinə görə, Açıq Bankçılıq Visa və Mastercard kimi ödəniş sistemlərini əvəz etmək məqsədi daşımır, əksinə alternativ ödəniş kanalı kimi nəzərdə tutulur və gələcəkdə “hesabdan-hesaba” ödənişlərin daha geniş yayılması gözlənilir.