Azərbaycan AİB-in 2026–2027 ticarət dəstək proqramında yer alıb

Azərbaycan AİB-in 2026–2027 ticarət dəstək proqramında yer alıb

BANK
252

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla Asiya və Sakit okean regionunun bir sıra ölkələrini əhatə edən “2026–2027-ci illər üçün inklüziv və “yaşıl” artım naminə ticarətə dəstək” layihəsini həyata keçirir.

Fins.az xəbər verir ki, layihə barədə məlumat bank tərəfindən açıqlanıb.

Layihənin maliyyələşdirilməsi Texniki Yardım üzrə Xüsusi Fond tərəfindən 112,5 min ABŞ dolları, Avstraliya hökuməti tərəfindən isə 146,9 min ABŞ dolları həcmində təmin edilir. Ümumilikdə maliyyələşdirmə beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir.

Məlumata görə, layihədə Azərbaycanla yanaşı Əfqanıstan, Ermənistan, Banqladeş, Butan, Bruney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğız Respublikası, Kiribati, Laos, Malayziya, Maldiv, Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin və digər ölkələr iştirak edir.

AİB qeyd edir ki, 2005-ci ildən etibarən Ümumdünya Ticarət Təşkilatı himayəsi altında keçirilən “Ticarətə Dəstək” təşəbbüsünün Qlobal İcmalının fəal tərəfdaşıdır.

Layihə çərçivəsində “Asiya və Sakit okean regionunda ticarətə dəstək – 2026” adlı hesabat hazırlanacaq. Eyni zamanda hesabatın qlobal icmal zamanı təqdimatı, bilik mübadiləsi tədbirlərinin təşkili və analitik materialların, siyasət icmallarının, bloqların və məlumat emalı alətlərinin dərc olunması nəzərdə tutulur.

Sənəddə vurğulanır ki, qlobal ticarət iqtisadi artım və rifahın əsas hərəkətverici qüvvələrindən biridir və bu prosesdə Asiya regionu mühüm rol oynayır. Bununla belə, artan ticarət gərginliyi və geosiyasi parçalanma bu potensialı məhdudlaşdıra bilər.

Layihənin əsaslandırmasında qeyd edilir ki, ticarət yoxsulluğun azaldılmasına töhfə versə də, onun üstünlükləri bərabər bölüşdürülmür. Daha iri və dayanıqlı şirkətlər ixrac imkanlarından daha çox faydalandığı halda, mikro, kiçik və qadınların rəhbərlik etdiyi bizneslər bu prosesdən daha az yararlanır.

Təşəbbüsün əsas məqsədi inkişaf etməkdə olan ölkələrin ticarət göstəricilərinin yaxşılaşdırılması və onların qlobal ticarət sistemində daha fəal iştirakının dəstəklənməsi üçün resursların səfərbər edilməsidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan AİB-in 2026–2027 ticarət dəstək proqramında yer alıb — Fins.az — Fins.az