Asiya İnkişaf Bankı ötən il 29,3 milyard dollar maliyyələşdirmə həyata keçirib

Asiya İnkişaf Bankı ötən il 29,3 milyard dollar maliyyələşdirmə həyata keçirib

BANK
345

Asiya İnkişaf Bankı (AİB) 2025-ci ildə Asiya və Sakit okean regionunun dəyişikliklərə uyğunlaşmasına və çağırışları imkanlara çevirməsinə dəstək məqsədilə öz vəsaitləri hesabına 29,3 milyard ABŞ dolları ayırıb və mühüm institusional islahatlar həyata keçirib.

Fins.az xəbər verir ki, bu məlumatlar AİB-in 2025-ci il üzrə İllik Hesabatında əksini tapıb. Hesabatda bankın əməliyyatları, maliyyə fəaliyyəti və institusional dəyişiklikləri barədə əsas göstəricilər yer alır.

AİB-in prezidenti Masato Kanda bildirib ki, 2025-ci ildə bank misli görünməmiş səviyyədə dəstək göstərib və bu, 2024-cü illə müqayisədə 20% artım deməkdir. Onun sözlərinə görə, bu dəstək nəticəsində 3,3 milyondan çox iş yerinin yaradılması və 180 milyondan çox insanın faydalanması gözlənilir.

Məlumata əsasən, hökumətlərə və özəl sektora ayrılan kreditlər, qrantlar, investisiyalar və zəmanətlər 29,3 milyard ABŞ dollarına çatıb. Tərəfdaşlar tərəfindən əlavə olaraq 14,7 milyard ABŞ dolları məbləğində vəsait də cəlb olunub.

Özəl sektorun inkişafı 2025-ci ildə AİB üçün əsas prioritetlərdən biri olub və bu istiqamətdə ayrılan vəsait 5,5 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda dövlət sektoru üzrə vəsaitlərin yarısı infrastruktur, islahatlar və institutların gücləndirilməsinə yönəldilib.

Regionlar üzrə bölgüdə Mərkəzi və Qərbi Asiya 8,3 milyard, Cənubi Asiya 9,7 milyard, Cənub-Şərqi Asiya 9 milyard, Şərqi Asiya 1,4 milyard, Sakit okean regionu isə 680 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi alıb.

AİB 2025-ci ildə inkişaf etməkdə olan ölkələrə daha effektiv dəstək üçün bir sıra institusional islahatlar da təsdiqləyib. Bu islahatlara kredit limitlərinin aradan qaldırılması, enerji siyasətinin yenilənməsi, satınalma prosedurlarının sadələşdirilməsi və kritik mineral zəncirlərinin dəstəklənməsi daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Asiya İnkişaf Bankı ötən il 29,3 milyard dollar maliyyələşdirmə həyata keçirib — Fins.az — Fins.az