AMB: Xarici ticarətdə 1.1 mlrd. dollarlıq profisit qeydə alınıb

AMB: Xarici ticarətdə 1.1 mlrd. dollarlıq profisit qeydə alınıb

BANK
342

Azərbaycanda əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsinin cari əməliyyatlar hesabı üzrə profisitin artma ehtimalını gücləndirdiyi bildirilir.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, valyuta bazarında tarazlığın əsas amili hesab edilən xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

Bildirilib ki, Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Eyni zamanda qeyd olunur ki, AZIR indeksinin orta günlük səviyyəsi azalma tendensiyası nümayiş etdirib. Belə ki, bu göstərici 2026-cı ilin yanvarında 6.70% olduğu halda, fevralda 6.54%-ə, mart ayında isə 6.47%-ə enib.

AMB-nin açıqlamasına görə, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın səviyyədə hərəkət etdiyi vurğulanır.

Qeyd olunur ki, faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR indeksində azalma ilə müşayiət olunub. Bununla yanaşı, ötən iclasdan sonra gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar müşahidə edilib.

Məlumata əsasən, Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları vasitəsilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb.

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 2026-cı il may ayının 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd olunur ki, növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, eləcə də makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. Vurğulanır ki, inflyasiya proqnozunun hədəfdən kənara çıxması riski yarandığı halda adekvat siyasət addımları atılacaq.

Eyni zamanda xatırladılır ki, AMB İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Belə ki, uçot dərəcəsi 6,5% səviyyəsində, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB: Xarici ticarətdə 1.1 mlrd. dollarlıq profisit qeydə alınıb — Fins.az — Fins.az