AMB: Xarici risklər artsa da inflyasiya nəzarətdədir

AMB: Xarici risklər artsa da inflyasiya nəzarətdədir

BANK
265

Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə inflyasiya göstəricilərinin hədəf diapazonunda qaldığını açıqlayıb.

AMB-nin məlumatına görə, 2026-cı ilin mart ayında 12 aylıq inflyasiya 5,6% təşkil edib. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 6,5%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub. İllik baza inflyasiya isə 5,5% səviyyəsində qeydə alınıb.

Qeyd edilib ki, baza ssenarisinə əsasən cari və növbəti ildə də inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.

Belə ki, AMB-nin may proqnozlarına görə, illik inflyasiya 2026-cı ildə 5,9%, 2027-ci ildə isə 4,5% olacaq. Qurum inflyasiya proqnozunun artım istiqamətində yenilənməsini əsasən xarici mənşəli xərc amilləri ilə əlaqələndirib.

Məlumata əsasən, qlobal ərzaq qiymətlərinin artması, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin zəifləməsi inflyasiyaya artırıcı təsir göstərib. Bununla yanaşı, daxili tələb amillərinin zəifləməsi bu təsiri qismən kompensasiya edib.

Vurğulanıb ki, may proqnozlarına əsasən inflyasiyanın əsas hissəsi təklif yönümlü amillər hesabına formalaşacaq.

Qurumdan həmçinin bildirib ki, son dövrdə artan geosiyasi gərginlik xarici inflyasiya risklərini artırıb. Xüsusilə Yaxın Şərqdəki münaqişələrin təchizat zəncirlərində problemlər yaratdığı, nəqliyyat və sığorta xərclərini yüksəltdiyi, enerji bazarlarında isə qiymət dəyişkənliyini artırdığı qeyd olunub.

AMB-nin qiymətləndirməsinə görə, növbəti dövrdə idxal inflyasiyasının səviyyəsi həm ticarət tərəfdaşlarındakı inflyasiya proseslərindən, həm də nominal effektiv məzənnənin dinamikasından asılı olacaq. Bundan əlavə, inflyasiya gözləntilərinin istehlak tələbinə təsiri də əsas daxili risk faktorlarından biri kimi göstərilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB: Xarici risklər artsa da inflyasiya nəzarətdədir — Fins.az — Fins.az