
AMB ani ödənişlərin genişləndirilməsi üzrə yeni mərhələyə başlayır
2030-cu ilədək Azərbaycanda ani ödənişlərin Milli Ödəniş Sisteminin (MÖS) əməliyyatlarında say çəkisinin 80 faizə çatdırılması nəzərdə tutulur.
Fins.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Sənədə əsasən, proqram çərçivəsində Ani Ödəniş Sisteminin (AÖS) əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır. Bu istiqamətdə əsas icraçı qurum kimi Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edilib və tədbirlərin 2027–2029-cu illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət Proqramında bildirilib ki, ödəniş xidməti təchizatçılarının rəqəmsal kanallarının AÖS-ə inteqrasiyası, eləcə də sistemdən istifadənin təşviqi məqsədilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Sənədə görə, ilkin mərhələdə Ani Ödəniş Sistemi barədə məlumatlılığın artırılması və istifadəçi bazasının genişləndirilməsi hədəflənir. Nəticə etibarilə isə ani ödənişlərin Milli Ödəniş Sistemindəki əməliyyatlar üzrə payının 80 faizə çatdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, baza ilində bu göstərici cəmi 6,4 faiz təşkil edib. Beləliklə, qarşıya qoyulan hədəf ani ödənişlərin payının mövcud səviyyə ilə müqayisədə 12 dəfədən çox artırılmasını nəzərdə tutur.