
AMB 2026-cı il üzrə iqtisadi artım və inflyasiya proqnozlarını açıqlayıb
Fins.az – Azərbaycanın cari əməliyyatlar hesabının müsbət saldosunun 2026-cı ilin sonunadək 5,5 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov "Turizm potensialının iqtisadi artımın və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi üçün səfərbər edilməsi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda geosiyasi gərginlik, tədarük zəncirlərindəki pozuntular və iqlim riskləri səbəbindən qeyri-müəyyənlik davam etsə də, Azərbaycanın xarici iqtisadi mövqeyi əlverişli olaraq qalır.
"Cari əməliyyatlar hesabının profisiti birinci rübdə 1,7 milyard dollar və ya ÜDM-in 9,5 faizi təşkil edib. 2026-cı ilin yekununda bu göstəricinin təxminən 5,5 milyard dollar olacağını gözləyirik. Strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb. Bu ehtiyatlar xarici şoklara qarşı etibarlı bufer rolunu oynayır və manatın sabitliyini əlavə olaraq dəstəkləyir", – deyə Ə.Məmmədyarov bildirib.
İnflyasiya hədəf diapazonunda qalır
Mərkəzi Bank sədrinin birinci müavini qeyd edib ki, may ayında illik inflyasiya 5,6 faiz təşkil edib və hədəf diapazonu olan 4 ± 2 faiz çərçivəsində qalıb.
Onun sözlərinə görə, inflyasiya əsasən xarici amillərdən qaynaqlanır.
"Mərkəzi Bankın may proqnozuna əsasən, inflyasiya 2026-cı ildə 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz olacaq", – deyə o bildirib.
Ə.Məmmədyarov əlavə edib ki, maliyyə sektoru sabitliyini qoruyur. Hazırda kapital adekvatlığı 17 faiz, likvidliyin əhatə əmsalı 155 faiz təşkil edir. Problemli kreditlərin xüsusi çəkisi 2,9 faiz səviyyəsindədir. Dollarlaşma göstəriciləri isə kreditlər üzrə 13,7 faizə, rezidentlərin əmanətləri üzrə isə 27 faizə qədər azalıb.
Qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyinə çevrilir
AMB rəsmisi bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatında yenidən balanslaşma prosesi gedir və bu istiqamətdə üç əsas tendensiya müşahidə olunur.
Onun sözlərinə görə, qeyri-neft sektoru iqtisadi artımın təmin edilməsində getdikcə daha mühüm rol oynayır, artım mənbələri tikinti kimi qeyri-ticari sahələrdən nəqliyyat-logistika, informasiya texnologiyaları və qeyri-neft sənayesi kimi ticari sahələrə keçir. Eyni zamanda iqtisadi artım dövlət xərclərindən daha az asılı olur və özəl sektorun fəallığı ilə formalaşır.
"Mərkəzi Bankın may proqnozuna əsasən, ümumi ÜDM artımı cari ildə 1,1 faiz, 2027-ci ildə isə 3,2 faiz olacaq. Qeyri-neft sektorunda artım isə müvafiq olaraq 3,2 və 4,7 faiz səviyyəsində gözlənilir", – deyə Ə.Məmmədyarov vurğulayıb.
Turizm gəlirləri son üç ildə hər il orta hesabla 38% artıb
Ə.Məmmədyarov bildirib ki, Dünya Bankının son hesabatı inkişafın növbəti mərhələsinin iqtisadiyyatın şaxələndirilməsindən asılı olacağını göstərir.
Onun sözlərinə görə, turizm bu baxımdan böyük reallaşdırılmamış potensiala malik sahələrdən biridir.
"Azərbaycanın unikal coğrafi mövqeyi, zəngin mədəni irsi, müxtəlif təbii landşaftları və yaxşılaşan infrastrukturu rəqabətqabiliyyətli və dayanıqlı turizm sənayesinin inkişafı üçün möhkəm zəmin yaradır. Aviareyslərin genişlənməsi, viza rejiminin sadələşdirilməsi və turizm istiqamətlərinin məqsədyönlü təşviqi nəticəsində son üç ildə turizmdən əldə olunan gəlirlər orta hesabla hər il 38 faiz artıb. 2026-cı ilin birinci rübündə turizm xidmətlərinin ixracı qeyri-neft sektorunun xidmət ixracının ümumi həcminin 21 faizini təşkil edib", – deyə Mərkəzi Bank rəsmisi qeyd edib.