
AİB əlilliyi olan şəxslər üçün 1,5 milyon dollarlıq regional layihə hazırlayır
Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okean regionu ölkələrində əlilliyi olan şəxslər üçün inklüziv inkişafın sürətləndirilməsinə yönəlmiş yeni regional təşəbbüsü nəzərdən keçirir.
Fins.az bu barədə banka istinadən xəbər verir ki, layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan da daxil olmaqla bir sıra ölkələri əhatə edəcək.
Məlumata görə, təşəbbüsün maliyyələşdirilməsi Asiya İnkişaf Bankı tərəfindən idarə olunan Xüsusi Texniki Yardım Fondu hesabına həyata keçiriləcək və ümumi maliyyə həcmi 1,5 milyon ABŞ dolları təşkil edəcək.
AİB-in açıqlamasında bildirilir ki, layihənin icra mexanizmləri və konkret fəaliyyət planı ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.
Qeyd edək ki, AİB-in 2025-ci ildə Azərbaycan qarşısında ümumi öhdəliklərinin həcmi 58,8 milyon ABŞ dolları təşkil edib.
Bank həmçinin cari ilin əvvəlində Azərbaycanla 2029-cu ilədək dövrü əhatə edən yeni Ölkə Tərəfdaşlığı Strategiyasını təsdiqləyib.
Strategiya biliklərin inkişafı, innovasiyaların tətbiqi və katalitik maliyyələşdirmə mexanizmlərinə əsaslanaraq “yaşıl” və şaxələndirilmiş iqtisadi artımın təmin olunmasını hədəfləyir.
Sənəddə aşağı karbonlu nəqliyyat və enerji əlaqəliliyinin inkişafı, eləcə də yüksək əlavə dəyər yaradan sahələrin dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyən olunub.
Eyni zamanda strategiya Azərbaycanın milli iqtisadi prioritetlərinin həyata keçirilməsi və ölkənin rəqabət qabiliyyətinin artırılması üçün ixtisaslı kadrların hazırlanmasına dəstək verilməsini nəzərdə tutur.