
AİB Azərbaycanda və regionda elektron satınalma sistemlərini inkişaf etdirəcək
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla Mərkəzi və Qərbi Asiya ölkələrində dövlət satınalmaları sistemlərinin və institusional potensialın gücləndirilməsinə yönəlmiş yeni regional texniki yardım layihəsini nəzərdən keçirir.
Fins.az AİB-yə istinadən xəbər verir ki, “Dövlət satınalmaları və institusional potensial üzrə regional mühitin gücləndirilməsi (Mərkəzi və Qərbi Asiya ölkələrində)” adlı təşəbbüs 300 min ABŞ dolları məbləğində maliyyələşdiriləcək və AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına həyata keçiriləcək.
Layihə Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan daxil olmaqla geniş regionu əhatə edir.
AİB-in məlumatına görə, təşəbbüsün əsas məqsədi dövlət satınalmalarının beynəlxalq qabaqcıl təcrübəyə uyğunlaşdırılması və sistemlərin səmərəliliyinin artırılmasıdır. Nəticədə bank tərəfindən maliyyələşdirilən investisiya layihələrində milli satınalma sistemlərindən daha geniş istifadə gözlənilir.
Layihə çərçivəsində MAPS metodologiyası üzrə qiymətləndirmələr, elektron satınalma sistemlərinin (e-GP) təhlili, fidusiar sistemlərin analizi və satınalma risklərinin qiymətləndirilməsi kimi bir sıra analitik fəaliyyətlər həyata keçiriləcək.
Bundan əlavə, dövlət satınalmalarının beynəlxalq standartlara uyğunlaşdırılması, hüquqi çərçivələrin təkmilləşdirilməsi və regional arbitraj mexanizmlərinin modernləşdirilməsi də layihənin əsas istiqamətləri sırasındadır.
AİB həmçinin bildirib ki, təşəbbüs çərçivəsində vətəndaş cəmiyyəti və özəl sektorun iştirakı ilə geniş məsləhətləşmələr və bilik mübadiləsi tədbirləri də təşkil olunacaq.