AİB Azərbaycanda 100 min dollarlıq texniki yardım layihəsini təsdiqləyib

AİB Azərbaycanda 100 min dollarlıq texniki yardım layihəsini təsdiqləyib

BANK
79

Fins.az - Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün Strateji Texniki və Analitik Resursların (Strategic Technical and Analytical Resources / STAR) təqdim edilməsinə dair texniki yardım layihəsini təsdiqləyib.

Layihə çərçivəsində AİB-in Xüsusi Texniki Yardım Fondundan 100 min ABŞ dolları vəsait ayrılacaq.

Məlumata əsasən, layihə çərçivəsində analitik tədqiqatların və qiymətləndirmələrin maliyyələşdirilməsi, maraqlı tərəflərin iştirakı ilə seminar və tədbirlərin təşkili, bilik mübadiləsi təşəbbüsləri, eləcə də yeni texnologiyaların və innovativ həllərin tətbiqi ilə bağlı pilot və tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, bankın üzv ölkələrinin digər təxirəsalınmaz və gözlənilməz ehtiyaclarının qarşılanması da layihənin məqsədlərinə daxildir.

AİB-in məlumatına görə, bu təşəbbüs bankın Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığının gücləndirilməsinə, institusional etimadın artırılmasına və analitik-ekspert dəstəyinin daha effektiv şəkildə təmin olunmasına xidmət edəcək.

Qeyd edilib ki, AİB-in 2025-ci ildə Azərbaycandakı ümumi öhdəliklərinin həcmi 58,8 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, AİB cari ilin əvvəlində Azərbaycanla 2029-cu ilədək dövrü əhatə edən yeni Tərəfdaşlıq Strategiyasını təqdim edib. Sənəd biliklərə, innovasiyalara və katalitik maliyyələşdirməyə əsaslanaraq ekoloji baxımdan dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təşviqini, aşağı karbonlu bağlantıların inkişafını və yüksək əlavə dəyər yaradan sahələrin dəstəklənməsini nəzərdə tutur.

Strategiya həmçinin insan kapitalının inkişafı və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması kimi milli prioritetlərin reallaşdırılmasına dəstək verməyə yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AİB Azərbaycanda 100 min dollarlıq texniki yardım layihəsini təsdiqləyib — Fins.az — Fins.az