
ADB-nin Mərkəzi və Qərbi Asiyada portfeli 22,1 milyard dollara çatıb
Martın 31-nə olan vəziyyətə görə, Asiya İnkişaf Bankı-nın (ADB) Mərkəzi və Qərbi Asiya regionunda aktiv kredit və qrant portfelinin ümumi həcmi 22,1 milyard ABŞ dollarına çatıb.
Fins.az-ın məlumatına görə, bu barədə bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Lea Qutierres Səmərqənddə keçirilən ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində təşkil olunan mətbuat konfransında məlumat verib.
O bildirib ki, Azərbaycanın bu portfeldə payı 0,3 milyard ABŞ dolları təşkil edir ki, bu da ümumi portfelin 1%-nə bərabərdir.
Lea Qutierres qeyd edib ki, ADB-nin region üzrə fəaliyyətində ən böyük istiqamət nəqliyyat sektorudur. Bu sahəyə 7 milyard ABŞ dolları vəsait yönəldilib ki, bu da portfelin 32%-ni təşkil edir. Onun sözlərinə görə, bu yanaşma regionlararası əlaqələrin gücləndirilməsi, həmçinin kənd ərazilərinin şəhər mərkəzləri ilə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Departament rəhbəri vurğulayıb ki, layihələr yalnız tam hazırlıq vəziyyətində olduqda Direktorlar Şurasına təqdim edilir. Onun sözlərinə görə, layihələrin “shovel-ready” səviyyəsində olması gecikmələrin qarşısını alır və əhalinin fayda əldə etmə prosesini sürətləndirir.
O əlavə edib ki, layihələrin keyfiyyətli hazırlanmasına xüsusi önəm verilir və onların icrası hazırlıq səviyyəsindən asılı olaraq planlaşdırılır. Hazırlıq mərhələsində daha çox irəliləyiş əldə edən layihələrin həyata keçirilməsi isə sürətləndirilir.