Açıq Bankçılıq daha dəqiq kreditləşməyə imkan yaradır - AMB

Açıq Bankçılıq daha dəqiq kreditləşməyə imkan yaradır - AMB

BANK
427

Azərbaycanda banklar “Açıq Bankçılıq” sayəsində müştərilərinə daha fərdiləşdirilmiş kredit təklifləri təqdim edə biləcəklər.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.

Onun sözlərinə görə, “Açıq Bankçılıq” tətbiq olunmadığı halda istifadəçilər yalnız öz hesablarının olduğu bankın mobil tətbiqindəki məlumatları görə bilirlər. Lakin sistem tətbiq olunduqda müştərilər digər banklardakı hesablarını da bir platformaya inteqrasiya edərək ümumi maliyyə məlumatlarına çıxış əldə edirlər.

Qeyd olunub ki, bu yanaşma banklar üçün də yeni imkanlar yaradır və müştəriyə daha fərdi xidmət göstərilməsinə şərait yaradır. Belə ki, banklar müştərinin real gəlirlərini və maliyyə dövriyyəsini analiz edərək fərdiləşdirilmiş kredit təklifləri təqdim edə bilirlər.

Məsələn, hazırda banklar ümumi yanaşma ilə müştərilərə 20 min manatadək kredit təklif edə bilər. Bu isə gəlir səviyyəsindən asılı olmayaraq geniş auditoriyaya şamil edilir. Lakin Açıq Bankçılıq şəraitində banklar müştərinin dəqiq gəlir göstəricilərini görərək daha dəqiq və fərdi kredit məbləği müəyyən edə bilirlər.

Elmar Didəkənan bildirib ki, sistem vasitəsilə müştərinin bütün maliyyə dövriyyəsini izləmək mümkündür və bu, “dövriyyə krediti” yanaşmasını daha effektiv edir. Beləliklə, müştərinin müxtəlif banklardakı əməkhaqqı və digər gəlirləri nəzərə alınaraq kredit məbləği müəyyənləşdirilir.

O həmçinin qeyd edib ki, Açıq Bankçılıq çərçivəsində ödənişlər ölkə daxilində lokal şəkildə həyata keçirilir və bu, maliyyə məlumatlarının xaricə çıxmaması baxımından mühüm üstünlük yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Açıq Bankçılıq daha dəqiq kreditləşməyə imkan yaradır - AMB — Fins.az — Fins.az