Bakıda mikromobillik istifadəsi 1,7 dəfə artıb

Bakıda mikromobillik istifadəsi 1,7 dəfə artıb

AVTO
380

2026-cı ilin ilk 3 ayı ərzində Bakı şəhərində mikromobillik vasitələri üzrə 676 907 sifariş qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, xüsusilə velosiped sifarişlərində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ötən ilin ilk rübündə velosipedlər 49 082 dəfə sifariş edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 188 847-ə yüksəlib ki, bu da 4 dəfə artım deməkdir.

Məlumata görə, velosipeddən istifadə edənlərin sayı da 4 dəfə artaraq 86 445 nəfər təşkil edib.

Eyni zamanda, cari ilin yanvar-mart aylarında mikromobillik vasitələrindən istifadə edənlərin ümumi sayı 344 201 nəfərə çatıb. Bu göstərici 2025-ci ilin ilk 3 ayı ilə müqayisədə 1,5 dəfə çoxdur.

Qeyd olunub ki, yaxın məsafələr üzrə səfərlərdə geniş istifadə edilən velosiped və skuterlərlə 3 ay ərzində ümumilikdə 1 345 398 kilometr məsafə qət edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,4 dəfədən çox artım deməkdir.

Bildirilib ki, təqdim olunan statistika yalnız kirayə xidmətlərini əhatə edir və şəxsi velosiped və skuterlər nəzərə alınarsa, real göstəricilər daha yüksəkdir.

Məlumatda vurğulanıb ki, aktiv mobillik tədbirlərinin genişləndirilməsi məqsədilə mikromobillik infrastrukturu inkişaf etdirilir. Hazırda mikromobillik zolaqlarının ümumi uzunluğu 60,5 kilometr təşkil edir və bu göstəricinin 100 kilometrə çatdırılması planlaşdırılır.

Eyni zamanda, görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər üçün isə 623 parklanma məntəqəsi yaradılıb. Hazırda icarəyə verilən skuterlərin sayı 4240, velosipedlərin sayı isə 2200-dür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda mikromobillik istifadəsi 1,7 dəfə artıb — Fins.az — Fins.az