Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov “Türkmənqaz” dövlət konserni ilə Türkiyənin “Çalik Enerji” şirkəti ilə yeni qaz-kompressor stansiyasının layihələndirilməsi və tikintisi üzrə müqavilə bağlamağa icazə verən fərman imzalayıb.
Bu barədə rəsmi "Neytral Türkmənistan" qəzeti məlumat yayıb.
Fins.az xəbər verir ki, sənədə əsasən, şirkət stansiyanı lazımi avadanlıqla təchiz etməli və istismara vermə işlərini də həyata keçirməlidir. Bundan əlavə, müqavilə ümumi şəbəkəyə qoşulmaqla obyekt üçün xarici təchizat mühəndis sistemlərinin və elektrik, qaz, su təchizatı, rabitə və kanalizasiya qurğularının yenidən qurulması və ya yeni tikintisini nəzərdə tutur.
Qaz-kompressor stansiyası Məryəm vilayətində tikiləcək. Sənəddə tikinti işlərinə 2024-cü ilin sentyabrında başlanması və obyektin 2026-cı ilin sentyabrında tam istifadəyə hazır olması nəzərdə tutulur.
“Calik Enerji” həmçinin, ölkənin Balkan vilayətinin Türkmənbaşı rayonunda, Xəzər dənizinin Türkmənistan sahilində 1574 MVt gücündə elektrik stansiyası tikəcək. Onun 2027-ci ilin mayında istifadəyə verilməsi planlaşdırılır.
Kaira Agayeva
Fins.az