Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü türk dövlətlərinin əlaqələri daha da genişləndirməyə hazır olduğuna dair dünya ictimaiyyətinə veriləcək bir siqnaldır.
Fins.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalının Azərbaycanın mədəniyyət paytaxtında keçiriləcək Zirvə görüşünə həsr olunmuş reportajında deyilir.
Telekanal “XXI əsrdə türk dövlətlərinin inkişafına ümumi yanaşmaları gücləndirəcək” ikigünlük tədbirin gündəliyinin əhəmiyyətinə diqqət yetirir.
Türkiyə Araşdırmalar Vəqfinin sədr müavini, dosent Enes Bayraklı Şuşanın işğalı dövrünü təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün dərin travma adlandırır.
“Azərbaycanın mədəniyyət paytaxtının azad edilməsi bütün türk dövlətləri üçün bayrama çevrildi. Bakı dünyaya nümayiş etdirdi ki, əgər tarixi hüquqların bərpası kursu dəyişməz qalsa, ədalət mütləq zəfər çalacaq. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi həm də zülm altında olan bütün xalqlar üçün örnəkdir”, -deyə vəqfin sədr müavini vurğulayıb.
Bayraklı türk dövlətləri rəhbərlərinin Şuşaya toplaşaraq sıx əməkdaşlıq və inteqrasiya niyyətlərini nümayiş etdirəcəklərinə əminliyini ifadə edib.
Reportajda Bayburt Universitetinin Tarix fakültəsinin müəllimi, dosent Ramin Sadıq Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətinə diqqət çəkib. O deyib: “Şuşa Azərbaycan mədəniyyətinin rəmzidir, onun beşiyidir. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi həm də Türk dünyasının birliyi üçün mühüm təkan oldu”. Ekspert Qarabağın işğaldan azad edilməsindən sonrakı dövrdə türk dövlətlərinin öz aralarında çoxsaylı müqavilələr imzaladığını da xatırladıb.
Kaira Agayeva
Fins.az