DÜNYA

19 Yanvar

Aİ nağd ödənişləri məhdudlaşdırır

Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlar nəticəsində maliyyə sisteminə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün sərt qaydalar gətirəcək yeni tənzimləmə paketi üzrə razılığın əldə edildiyini açıqlayıb.

Fins.az xəbər verir ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsindən qorunmaq üçün Aİ maliyyə sisteminin hüquqi bazası gücləndiriləcək.

Fiskal qaydalar Aİ daxilində uyğunlaşdırılacaq. Cinayətkarlar tərəfindən qanunsuz gəlirlərin yuyulması və ya maliyyə sistemi vasitəsilə terror fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan boşluqlar aradan qaldırılacaq. Bu sahədə üzv ölkələrin maliyyə qurumları arasında əməkdaşlıq artırılacaqdır.

Cinayətkarların çirkli pulların yuyulmasını çətinləşdirmək üçün Aİ ölkələrində böyük məbləğdə nağd ödənişlər qadağan ediləcək.

Aİ ölkələrində 10 min avronu keçən nağd ödənişlər mümkün olmayacaq. Aİ-yə üzv ölkələr 10 min avrodan aşağı nağd ödənişlər üçün limitlər təyin edə biləcəklər.

Banklar, daşınmaz əmlak agentlikləri, aktivlərin idarə olunması xidmətləri, kazinolar, tacirlər, zərgərlər və kriptovalyuta xidmətləri təminatçıları kimi müxtəlif öhdəlikli qurumlardan 3 min avro ilə 10 min avro arasında tez-tez nağd pul əməliyyatları edən insanları müəyyənləşdirmək, yoxlamaq və hesabat vermək tələb olunacaq.

Üzv ölkələr istəsələr, öhdəliyi olan qurumlar siyahısına futbol klublarını da əlavə edə biləcəklər.

Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə qaydaları bütün kriptovalyuta sektorunu əhatə edəcək şəkildə genişləndiriləcək.

Günel Məlikzadə
Fins.az