DÜNYA

10 Avqust

ABŞ-dan Belarusa yeni sanksiyalarla bağlı QƏRAR

ABŞ-ın Joe Biden hökuməti, Belarus Prezidenti Aleksandr Lukaşenko və rejiminə, "demokratiya, insan haqqları və təməl azadlıqları" məhdudlaşdırdığı səbəbiylə yeni sanksiyalar tətbiq olunmasına qərar verib.

Fins.az Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ Prezidenti Joe Biden, "Bir il əvvəl bu gün, Belarus xalqı demokratiyanın ən fundamental yolu olan seçki yolu ilə səslərini eşitdirmək və öz gələcəklərini formalaşdırmaq istədi. Lukaşenko rejimi isə Belarus xalqının iradəsinə hörmət etmək yerinə, seçkilərdə hiylə etdi", - ifadəsini istifadə edib.

Lukaşenko rəhbərliyini müxalifəti sıxmaqda, minlərlə mitinqləri dağıtmaqda, 500-dən çox vətəndaş cəmiyyəti təşkilatı lideri və jurnalisti həbs etməkdə və beynəlxalq bir uçuşu "məcburi" Minskə istiqamətləndirməkdə günahlandıran Biden, Lukaşenkonun iqtidarı əlində saxlamaq üçün  "qeyri-qanuni" səylərinin qarşılıqsız qalmayacağını və yeni sanksiyalar tətbiq olunacağını bildirib.

Sanksiya tətbiq olunacaq fərd və təşkilatlar arasında Belarusun dövlətə aid müəssisələrindən biri olan "Belaruskali", Belarus Milli Olimpiada Komitəsi, Lukaşenkoya dəstək verən iş adamları, əlaqəli olduqları 15 şirkət və "Absolutbank" yer alır.