DÜNYA

02 Avqust

İngiltərənin müdafiə sənayesi şirkəti ABŞ şirkətinə satılacaq

ABŞ-ın "Parker-Hannifin" şirkəti İngiltərənin "Meggitt" şirkətini 6,3 milyard funt-sterlinqə (8,7 milyard dollar) almaqla bağlı razılığa gəlib.

Bu barədə təyyarə və kosmik gəmilərin yaradılmasında istifadə olunan komponent istehsalçısının bazar ertəsi günü yaydığı açıqlamada deyilir.

Qeyd olunur ki, "Parker-Hannifin" İngiltərənin 250 ən böyük şirkəti siyahısına daxil olan "Meggitt"in dəyərini şirkətin səhmlərinin olduğu 30 İyul axşamı qiymətindən 70% yüksək qiymətləndirib. Məlumat elan edildikdən sonra "Meggitt"in səhmləri bazar ertəsi günü 60% bahalaşıb.

İngiltərədə 18 istehsal müəssisəsi və 2000-dən çox işçisi olan "Parker", İngiltərə Müdafiə Nazirliyi ilə müqavilələr çərçivəsində "Meggitt"in öhdəliklərini yerinə yetirməyi də qəbul edib. Bundan əlavə, Amerika şirkəti "Meggitt"in İngiltərədəki tədqiqat və inkişaf sahəsindəki investisiyalarını ən azından qoruyacaq. Eyni zamanda, "Parker" qarşıdakı beş il ərzində bu məqsədlər üçün ayrılan məbləği 20% artırmağı planlaşdırır.

"Meggit" koronavirus pandemiyası dövründə maliyyə çətinliklərilə üzləşib və və bunun nəticəsində keçən il 1800 iş yerini ixtisar etmək məcburiyyətində qalıb. Bununla birlikdə şirkət, bazar ertəsi günü yayımlanan açıqlamaya görə, 2021 -ci ilin ilk yarısında yenidən qazanc əldə etməyə başlayıb.