DÜNYA

30 İyul

Avrozonadan sürpriz iqtisadi göstəricilər

Həftənin son ticarət günündə Fransa, İspaniya və Avrozona üçün ikinci rüb iqtisadi inkişaf göstəriciləri açıqlandı.

İlin ikinci rübündə Fransada iqtisadi inkişaf səviyyəsi 0.9% artıb. Qeyd edək ki, pandemiyadan ən çox təsirlənən Avropa ölkələrindən biri olan Fransada 2021-ci ildə iqtisadi böyümə proqnozları 6% təşkil edir.

İspaniyada da ikinci rübdə ÜDM, proqnozları üstələyərək 2.8% artıb.

Avrozonada ilin ikinci rübündə 2%-lik iqtisadi artım qeydə alınıb. Birinci rübdə 0.3% geriləyən region iqtisadiyyatınında iqtisadi fəaliyyət dirçəlib. Peyvəndləmə prosesinin sürətlənməsi bu işdə təsirli oldu. Region iqtisadiyyatının bu il 4.6% böyüyəcəyi proqnozlaşdırılır.

Məhdudiyyətlərin aradan qaldırılması və peyvəndləmə prosesinin sürətlənməsi ilə iqtisadi fəaliyyətlərdə, xüsusən də xidmət sahələrində canlanma diqqət çəkir.

Bu gün Avrozonada inflyasiya göstəriciləri və işsizlik səviyyəsinə dair statistik göstəricilər də açıqlanıb. İnflyasiya 2.2%-ə kimi artaraq 2018-ci ilin oktyabrından bəri ən yüksək səviyyəni görüb. İşsizlik nisbəti iyun ayında 7.7%-ə geriləmişdir ki, bu da son 13 ayın ən aşağı səviyyəsi hesab edilir. Xatırladaq ki, pandemiyadan əvvəl 7.3% olan işsizlik səviyyəsi sərt karantin və digər məhdudlaşdırıcı tədbirlər sonrası 8.5%-ə kimi yüksəlmişdi.