Fins.az xəbər verir ki, görüşdə istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müştərək təsdiq olunmuş “İstehlakçı hüquqlarının müdafiəsi və mövcud ticarət norma və qaydalarına riayət olunması məqsədilə birgə işlərin aparılması üzrə Tədbirlər Planı”nın icrası çərçivəsində Bakı şəhərinin Səbail rayonu ərazisində ictimai iaşə, xidmət, ticarət və digər sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Səbail Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Ticarət və Xidmət Departamentinin nümayəndələrinin də iştirak etdiyi görüşdə Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı təqdimatla çıxış edib.
Təqdimat zamanı istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələrində mövcud problemlərin həlli istiqamətində Dövlət Xidməti tərəfindən atılan addımlar, daxil olan istehlakçı müraciətləri və onların emalı üsulları barədə ətraflı məlumat verilib, istehlak bazarına nəzarət tədbirləri çərçivəsində görülən işlər diqqətə çatdırılıb.
Sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.
Zemfira Ms
Fins.az