BİZNES

03 Aprel

Bu ölkələrə alma konsentratı ixrac ediləcək

Süd məhsulları və meyvə şirələrinin istehsalı ilə məşğul olan “Göyçay süd” Açıq Səhmdar Cəmiyyəti (ASC) Avstriya, Almaniya və Çexiyaya alma konsentratı ixrac etməyi planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına ASC-nin direktoru Soltan Mustafalı deyib.

Onun sözlərinə görə, hazırda bu məhsulu Rusiya və Polşaya ixrac edirlər. Avropada alma konsentratına böyük tələbat olduğunu deyən S.Mustafalı əlavə edib ki, ixraca başladıqdan sonra onlar üçün yeni istehsal sahəsi olan alma konsentratının illik istehsal həcmini 300-350 tona qədər artırmağı nəzərdə tuturlar. Hazırda zavodun istehsal gücü 1200-2000 ton olsa da, təxminən 500-600 ton məhsul istehsal edilir.

S.Mustafalı qeyd edib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə məhsul istehsalında təqribən 25 faiz artım olub. Bu il isə istehsalda 30 faiz artım gözlənilir.

S.Mustafalı hazırda daxili bazar üçün 26 adda məhsul istehsal etdiklərini, xarici bazar da nəzərə alınarsa, satışa ümumilikdə 56 adda məhsul təqdim etdiklərini açıqlayıb.