2023-cü ildə Naxçıvan Muxtar Respublikasında 10 880 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb ki, bu da 2022-ci illə müqayisədə 43,6 % çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, illik göstəricinin 3 684-ü ilkin, 7 196-sı təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 4 249-u fərdi yaşayış evi, 4 028-i torpaq sahəsi, 1 902-si mənzil, 332-si qeyri-yaşayış sahəsi, 264-ü qeyri-yaşayış binası, 101-i əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.
Hesabat ilində təkcə Naxçıvan şəhəri üzrə 4 971 əmlak qeydiyyata alınıb ki, bu da ümumi göstəricinin 45,6 %-ni təşkil edib.
İl ərzində muxtar respublikada 8 006 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb ki, bu da 40,3 % artım deməkdir.
Həmin əmlaklardan 3 418-nə dair texniki pasport, 4 588-nə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.
Daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 3 804 arayış verilib, 4 894 əmlaka dair məlumat elektron informasiya sistemi vasitəsi ilə notariat ofislərinə təqdim edilib. Bu dövrdə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 1 096 olub.
Fuad Mədətov
Fins.az