BİZNES

17 Avqust

Özbəkistanla birgə investisiya fondunda Azərbaycanın payı 75 % olacaq

“Birgə investisiya fondunda Azərbaycanın payı 75 %, Özbəkistanın isə 25 % olacaq”.

Bunu Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib.

“Fondun yaradılması üçün 2022-ci ilin noyabrına qədər yol xəritəsinin təsdiqi ilə bağlı razılaşma var”, - o bildirib.

Səfirin sözlərinə görə, tərəflər turizm sahəsində də sazişlər imzalamaq niyyətindədirlər.

Azərbaycanla Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq istəyir. Bu məqsədlə iki ölkə milli istehsalçıların sərgilərini keçirəcək, qarşılıqlı ticarət missiyaları təşkil edəcək, Transxəzər Nəqliyyat Marşrutu ilə yükdaşımaları artıracaq.

Tərəflər bu iki ölkədə istehsal edilən məhsulların üçüncü ölkələrə ixracını da hədəfləyir. Məsələn, birgə toxuculuq müəssisələrinin, Yevlaxda ipəkqurdu yetişdirilməsi üzrə pilot aqroparkın, Azərbaycanda isə tinglərin yetişdirilməsi laboratoriyasının yaradılması planlaşdırılır.

“Özbəkistanda zərgərlik məmulatlarının istehsalı üzrə birgə müəssisənin yaradılması planlaşdırılır”, - H.Quliyev vurğulayıb.

Qeyd edək ki, investisiya fondunun yaradılması barədə Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevin Daşkənddə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə məlumat verilib. Üstəlik, tərəflər neft-qaz və kimya sənayesi, toxuculuq sektoru və kənd təsərrüfatı sahələrində ümumi dəyəri 500 milyon dollardan çox olan 87 birgə layihənin, həmçinin ticarət müqavilələrinin vaxtlı-vaxtında və keyfiyyətli icrası üçün səyləri gücləndirmək barədə razılığa gəliblər.

© report