BİZNES

02 Avqust

Azərbaycan Françayzinq Assosiasiyası yaradılıb 

Azərbaycanda yeni İctimai Birlik – “Azərbaycan Françayzinq Assosiasiyası” yaradılıb. Təşkilatın İdarə Heyətinin sədri Camid Mövsümovdur.

"Fins.az" xəbər verir ki, assosiasiya milli və beynəlxalq olmaqla iki istiqamətdə fəaliyyət göstərəcəkdir. Assosiasiyanın əsas hədəfi Azərbaycan markalarını beynəlxalq səviyyəyə daşımaq, ölkəyə daxil olan markaların ölkə ərazisində fəaliyyətini təşkil etməkdir.

Assosiasiyanın missiyası Françayzinq sisteminin düzgün öyrənilməsi və tətbiq edilməsinə, ölkənin hüquq sistemi içərisində yerinin müəyyənləşməsinə, françayz alan və verən qurumların hüquqlarının qorunmasına, bütün bu öhdəliklərin yerinə yetirilməsi üçün lazımi məlumat qaynaqlarının tətbiqinə fayda verməkdir.

Camid Mövsümov bildirib ki: “Cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası bir model olaraq iqtisadiyyatı inkişaf edən ölkələrdə nümunəyə çevrilməkdədir. Bu milli inkişaf modeli ilə ölkəmiz dünyada müstəqil və müasir innovativ texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb.

Erməni işğalından azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Regionda iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın region iqtisadiyyatında rolunu daha da artıracaqdır.

Françayzinq biznesin alternativ inkişaf modelidir. Françayzinqin başlıca üstünlüyü müflis olma risklərinin azlığıdır. Françayzinq müqaviləsi biznes sahiblərinin maliyyə vasitələrinə çıxış yolunu asanlaşdırır. Françayzerin xeyri isə odur ki, o, öz xidmət və məhsullarının təqdim olunduğu şəbəkənin əhatəsini genişləndirir, eləcə də françayzinin etdiyi mütəmadi ödənişlər, həmçinin də brendin daha geniş ərazidə tanınması”.

Azərbaycanın hər sahəsində ixtisaslaşmış və françayz sistemini istifadə edən markaları assosiasiya çətirində toplayan lider qeyri-hökumət təşkilatı olmaqdır.