BİZNES

09 İyun

AİŞ və “Technip Energies Italy S.p.A” “yaşıl” enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarovilə İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşü zamanı “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə “Technip Energies Italy S.p.A” şirkəti arasında “yaşıl” enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

"Fins.az" xəbər verir ki,  bu barədə çərşənbə günü İqtisadiyyat Nazirliyinin saytında məlumat verilir.

Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində “Tullantıların Monetizasiyası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Nazirliyin məlumatına görə, layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınmasını nəzərdə tutur.

“Layihənin həyata keçirilməsi ölkədə karbon tullantılarının azaldılması ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, şəhər tullantılarının emalında xərclərin aşağı salınmasına, “yaşıl” texnologiyaların tətbiqi ilə dairəvi iqtisadiyyatın dəstəklənməsinə, tullantıların innovativ və davamlı emalına töhfə verəcək», - nazirliyin məlumatında qeyd olunur.