BİZNES

28 Aprel

Nazir: "İT mütəxəssislərinin sayı bazar tələblərinə uyğun gəlmir"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əlində olan vasitələrlə rəqəmsal transformasiyanın əsasını təşkil edəcək infrastrukturun təkmilləşdirilməsi və inkişafı üzrə iki istiqamətdə tədbirlər həyata keçirəcək.

Bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən rəqəmsal inkişaf və nəqliyyat Naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, tədbirlərdən birincisi - nazirliyin strukturuna daxil olan təşkilatlar vasitəsilə, konkret olaraq "Aztelekom" və "Baktelecom" vasitəsilə regionlarda, o cümlədən Bakı şəhərində İT infrastrukturuna yatırılan investisiyalardır.

"Bu investisiyalar həmin şirkətlər tərəfindən, dövlət və özəl tərəfdaşlıq modeli əsasında bu ildən etibarən yatırılmağa başlanılıb və elan olunduğu kimi, 2024-cü ilin sonunadək Azərbaycanda ən ucqar kənddə belə genişzolaqlı internetin təmin edilməsi qarşımıza məqsəd qoyulub", - Rəşad Nəbiyev qeyd edib.

Nazirliyin edəcəyi ikinci ən vacib məsələyə toxunan Rəşad Nəbiyev bildirib ki, burada söhbət rəqəmsal transformasiyanın tələblərinə cavab verən insan resurslarının hazırlanmasından gedir.

"Burada da biz üstünlüyü dövlət və özəl tərəfdaşlığa veririk. Bizim universitetlərin bu gün hazırladıqları İT mütəxəssislərin sayı bazarın tələblərinə uyğun gəlmir. Bunu nəzərə alaraq bir sıra özəl şirkətlərlə, Startaplarla bir neçə təşəbbüsə qoşulmuşuq. Tədbir kurslarını yaratmışıq, eyni zamanda, dövlət sifarişi ilə bu ilin sonunadək 600-ə yaxın yüksək ixtisaslı mütəxəssisin hazırlanması planlaşdırılır", - Rəşad Nəbiyev vurğulayıb.