Fins.az - Nyu-Yorkun Comex birjasında qızılın qiyməti 17 oktyabrdan sonra ilk dəfə troy unsiyası üçün 2700 dollar səviyyəsindən aşağı enib.
6 noyabr axşamı qızılın kotirovkaları 2663 dollar səviyyəsinə düşərək əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən üç faiz aşağı oldu.
Qızıldan əlavə, gümüş, palladium və platin kimi digər qiymətli metalların da dəyəri azalıb.
Son aylarda davam edən yüksəlişdən sonra qızılın qiymətində azalma müşahidə edilir. Xüsusilə oktyabr ayının sonunda qızıl tarixi bir həddə çataraq ilk dəfə troy unsiyası üçün 2800 dollar səviyyəsini keçmişdi. Analitiklərin fikrincə, bu artım Yaxın Şərqdəki geosiyasi gərginlik və dünya mərkəzi banklarının artan tələbatı ilə əlaqəli idi.
Lakin geosiyasi gərginliyin azalması və tələbatın artması üçün yeni faktorların olmaması fonunda qiymətli metalın dəyəri enməyə başlayıb. Ekspertlər bildirirlər ki, yaxın günlərdə bazardakı tendensiyaları izləmək zəruridir, çünki geosiyasi vəziyyətin stabilləşməsi qızılın qiymətinə daha çox təsir göstərə bilər.