BİRJA

09 Avqust

S&P: Azərbaycan iyulda “OPEC+” kvotasından 184 min barel geri qalıb

Bu ilin iyul ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 500 min barel səviyyəsində olub.

Bu barədə Fins.az “Platts”ın məlumatları əsasında tərtib olunmuş “SP Global Commodity Insights”ın icmalına istinadən xəbər verir.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, “SP Global Commodity Insights”ın icmalına əsasən, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 184 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin iyun ayında Azərbaycanda gündəlik xam neft hasilatı 500 min barel təşkil edib.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

Xatırladaq ki, aprel ayında “OPEC+”-ın bir neçə üzvü, o cümlədən Səudiyyə Ərəbistanı, iclasdan bir müddət əvvəl, könüllü olaraq, kvotaları aşaraq, may ayından ilin sonuna kimi gündəlik hasilatı 1,66 milyon barel azaltdıqlarını elan ediblər. Həmçinin Ər-Riyad iyul və avqust aylarında gündəlik hasilatı 1 milyon barel, Əlcəzair isə avqustda 20 min barel azaltmaq qərarına gəlib. Rusiya da öz növbəsində avqust ayında gündəlik neft ixracını 500 min barel azaldacağını açıqlayıb.