BAZAR

26 Sentyabr

Rusiyanın Azərbaycana ərzaq ixracı 2030-cu ildə 1 milyard dollara çata bilər

Rusiyanın Azərbaycana ərzaq məhsullarının ixracı 2030-cu ilə qədər 1 milyard ABŞ dollarına çatdırıla bilər.

Fins.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yanında fəaliyyət göstərən “Aqroeksport” Mərkəzinin rəhbəri Dmitri Krasnov bu potensialı vurğulayaraq, hazırkı ticarət imkanlarının tam şəkildə istifadə edilmədiyini bildirib. Xüsusilə dənli və paxlalı bitkilər, qənnadı məmulatları və yağ-piy məhsullarının tədarükünün ən böyük potensiala malik olduğu qeyd edilib.

2023-cü ilin birinci yarısında Rusiya və Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi 354 milyon ABŞ dollarına çatıb, bu da əvvəlki ilə nisbətən 8,4 % artım deməkdir. Xüsusilə buğda, şəkər və günəbaxan yağının tədarükündə əhəmiyyətli artım müşahidə olunub. Buğda tədarükü 3 % artaraq 85,4 milyon ABŞ dolları təşkil edib, şəkər tədarükü isə 10 dəfədən çox artaraq 27,2 milyon dollara çatıb.

Krasnov həmçinin qeyd edib ki, Rusiyadan Azərbaycana ət məhsulları ixracı son illərdə əhəmiyyətli dərəcədə artıb. 2019-cu ildən bəri tədarükün dəyəri 2,5 dəfə artaraq 2023-cü ildə 15 milyon ABŞ dollarına çatıb, bunun 92 %-ni quş əti təşkil edir. Süd məhsulları tədarükündə də artım qeydə alınıb, tədarük 50 % artaraq 19 milyon dollara yüksəlib.

Rusiyadan Azərbaycana alkoqollu içkilərin, xüsusən də arağın tədarükü də son illərdə artıb. 5 illik dövr ərzində bu sahədə 18 %-lik artım müşahidə edilib, tədarük 4,5 milyon dollara çatıb.

Fuad Mədətov
Fins.az