2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan tikinti-quraşdırma işləri üçün 6 milyard 141,787 milyon manat vəsait ayrılıb.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 53,1 % artım deməkdir.
Məlumata əsasən, bu investisiyanın 64,1 %-i, yəni 3 milyard 937,536 milyon manatı Şərqi Zəngəzur iqtisadi rayonuna, 35,9 %-i, yəni 2 milyard 204,251 milyon manatı isə Qarabağ iqtisadi rayonuna yönəldilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 82 % və 19,3 % artıb.
Hesabat dövründə Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna yatırılan investisiyalar 2 dəfə artaraq 54,123 milyon manata, sənayeyə yatırılan vəsaitlər 32,3 % artaraq 240,263 milyon manata, tikinti sahəsinə ayrılan vəsaitlər isə 3,3 dəfə artaraq 383,163 milyon manata çatıb. Ticarət və nəqliyyat vasitələrinin təmirinə qoyulan investisiyalar 57,4 dəfə artaraq 11,471 milyon manata, nəqliyyat və anbar təsərrüfatına yatırılan vəsaitlər isə 7,9 % azalaraq 1 milyard 368,187 milyon manata enib. İqtisadiyyatın digər sahələrinə yatırılan investisiyalar isə 2,6 dəfə artaraq 197,192 milyon manata çatıb.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonunda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna investisiyalar 10,7 dəfə artaraq 294,245 milyon manata, sənaye sektoruna yatırımlar isə 14,4 dəfə artaraq 678,628 milyon manata çatıb. Tikinti sahəsinə ayrılan vəsaitlər 4,1 dəfə artaraq 893,564 milyon manata, nəqliyyat və anbar təsərrüfatına qoyulan vəsaitlər isə 16 % artaraq 2 milyard 033,965 milyon manata çatıb. İqtisadiyyatın digər sahələrinə yatırılan investisiyalar isə 36,7 % azalaraq 110,408 milyon manata enib. Ticarət və nəqliyyat vasitələrinin təmirinə isə investisiya ayrılmayıb.
Fuad Mədətov
Fins.az