BANK

16 Oktyabr

"Premium Bank" III rübü xalis mənfəət ilə başa vurub -20,6% ARTIB - HESABAT

"Premium Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 9 milyon 505 min manat xalis mənfəət ilə başa vurub. Bu göstərici, 2023-cü ilin eyni dövründəki 7 milyon 881 min manatla müqayisədə 1 milyon 624 min manat (20,6%) artım deməkdir.

FAİZ GƏLİRLƏRİ

Fins.az-ın bankın rüblük hesabatlarına istinadən verdiyi məlumata görə, "Premium Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 23 milyon 998 min manat, 2024-cü ilin 9 ayında isə 24 milyon 222 min manat olub. Bu, 224 min manat (0,9%) artım deməkdir. 2024-cü ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri 12 milyon 751 min manat təşkil edib, keçən ilin eyni dövründə isə bu göstərici 13 milyon 668 min manat idi.

ƏMƏLİYYAT MƏNFƏƏTİ

2024-cü ilin yanvar-sentyabr dövründə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 36 milyon 973 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 548 min manat, əməliyyat mənfəəti isə 9 milyon 425 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olunan 80 min manat mənfəətə əlavə olunub.

Müqayisə üçün, 2023-cü ilin yanvar-sentyabr dövründə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 37 milyon 666 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 316 min manat, əməliyyat mənfəəti isə 6 milyon 350 min manat olmuşdu. Həmçinin, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olunan 1 milyon 530 min manat mənfəətə əlavə olunmuşdu.

QEYRİ-FAİZ XƏRCLƏRİ

Diqqət çəkən məqam, "Premium Bank"ın qeyri-faiz xərclərini azaltmasıdır. 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində Bankın qeyri-faiz xərcləri 4 milyon 436 min manat (18,9%) azalaraq 19 milyon 53 min manata düşüb.

KREDİT PORTFELİ

"Premium Bank" biznesini korporativ bankçılıq sahəsindən pərakəndə bankçılıq sahəsinə keçirməkdədir. Rəqəmlərə əsasən, Bankın bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticə verməkdədir. Belə ki, "Premium Bank"ın istehlak kreditləri portfeli 2023-cü ilin sonu ilə müqayisədə, 2024-cü ilin 9 ayı ərzində 12 milyon 64 min manat (62,7%) artaraq 30 sentyabr 2024-cü il tarixində 31 milyon 312 min manata çatıb. Bankın ipoteka kreditləri portfeli isə 7 milyon 966 min manat (11,9%) artaraq 74 milyon 945 min manata yüksəlib. 30 sentyabr 2024-cü il tarixində "Premium Bank" 469 milyon 149 min manat cəmi kredit portfelinə malikdir.

"Premium Bank"da vaxtı keçirilmiş kreditlərin məbləği azalmaqdadır. 2024-cü ilin 9 ayında Bankda vaxtı keçmiş kreditlərin məbləği 1 milyon 559 min manat (33,6%) azalaraq 30 sentyabr 2024-cü il tarixində 3 milyon 84 min manat təşkil edib. Vaxtı keçmiş kreditlərin Bankın cəmi kredit portfelində xüsusi çəkisi 0,6%-dir.

CƏMİ AKTİVLƏR

30 sentyabr 2024-cü il tarixində "Premium Bank" 650 milyon 959 min manat cəmi aktivlərə, 473 milyon 61 min manat cəmi öhdəliklərə və 172 milyon 268 min manat məcmu kapitala malikdir. Bu, Mərkəzi Bankın kommersiya banklarına qarşı qoyduğu minimal məcmu kapital tələbindən 3 dəfədən çox yüksəkdir.

Fuad Mədətov
Fins.az