2024-cü ilin yanvar-sentyabr ayları ərzində "Bank Avrasiya" ASC 3 milyon 484 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 469 min manat və ya 11,9% azalma deməkdir. 2023-cü ilin 9 ayını Bank 3 milyon 953 min manat xalis mənfəət ilə başa vurub.
Gəlirlər
Fins.az-ın bankın rüblük hesabatlarına istinadən verdiyi məlumata görə, "Bank Avrasiya"nın faiz gəlirləri 2023-cü ilin 9 ayında 12 milyon 217 min manat təşkil edirdisə, 2024-cü ilin eyni dövründə bu rəqəm 11 milyon 194 min manata enib. Bununla belə, qeyri-faiz gəlirləri 1 milyon 725 min manatdan 1 milyon 860 min manata yüksəlib.
Bankın əməliyyat mənfəəti isə 528 min manat və ya 10,2% azalaraq 4 milyon 648 min manata düşüb (2023-cü ilin eyni dövründə 5 milyon 176 min manat idi).
Kredit portfeli
2024-cü ilin 9 ayı ərzində "Bank Avrasiya"nın kredit portfeli 5 milyon 423 min manat və ya 3,8% azalıb və 30 sentyabr 2024-cü il tarixinə 136 milyon 819 min manat təşkil edib.
Bankın aktivləri də artıb. 2024-cü ilin sentyabr ayının sonunda bankın cəmi aktivləri 204 milyon 720 min manata yüksəlib (2023-cü ilin eyni dövründə bu rəqəm 202 milyon 244 min manat idi). Depozit portfeli də 1 milyon 502 min manat artaraq 66 milyon 810 min manata çatıb.
Məcmu kapital
"Bank Avrasiya"nın məcmu kapitalı 2024-cü ilin 30 sentyabr tarixinə 83 milyon 4 min manat təşkil edib, bu isə ötən ilin eyni dövründəki 77 milyon 78 min manatdan 5 milyon 926 min manat çoxdur.
Fuad Mədətov
Fins.az