"AFB Bank" ASC 2024-cü ilin III rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Xalis mənfəət və vergi ödənişləri
Fins.az xəbər verir ki, bank bu dövrdə 2 milyon 127 min manat xalis mənfəət əldə edib və mənfəət vergisi ödənişi etməyib.
Faiz gəlirləri və xərcləri
"AFB Bank"ın faiz gəlirləri 16 milyon 972 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 47 min manat (14%) artımdır. Faiz gəlirlərinin əsas hissəsi, yəni 13 milyon 219 min manatı kredit portfelindən əldə olunub. Bu göstərici illik müqayisədə 3 milyon 490 min manat (36%) artıb.
Faiz xərcləri 773,4 min manat (22%) artaraq 4 milyon 295 manata çatıb. Bunun 2 milyon 695 min manatı depozitlər üzrə xərclərə aiddir və illik müqayisədə 1 milyon 55 min manat (64%) artım göstərir. Nəticədə, xalis faiz gəlirləri 12 milyon 677 min manat olub ki, bu da əvvəlki ilə nisbətdə 1 milyon 274 min manat (11%) çoxdur.
Qeyri-faiz gəlirləri və xərcləri
Bankın qeyri-faiz gəlirləri 6 milyon 558 manat, qeyri-faiz xərcləri isə 15 milyon 192 min manat təşkil edib. Qeyri-faiz gəlirləri 202,5 min manat (3%), qeyri-faiz xərcləri isə 1 milyon 770 min manat (13%) artıb. Qeyri-faiz gəlirlərinin 5 milyon 125 min manatı alınan haqq və komissiya gəlirlərindən, 1 milyon 155 min manatı isə xarici valyutadan əldə olunub.
Əmək haqqı və digər xərclər
Əmək haqqı xərcləri 650,8 min manat (13%) artaraq 5 milyon 729 min manata çatıb. Ümumi və inzibati xərclər 3 milyon 934 min manat, amortizasiya xərcləri 1 milyon 403 min manat, digər xərclər isə 4 milyon 95 min manat olub. Əvvəlki illə müqayisədə ümumi və inzibati xərclər 514,5 min manat (15%), amortizasiya xərcləri 50,2 min manat (4%), digər xərclər isə 564 min manat (16%) artıb.
Aktivlər və kredit portfeli
"AFB Bank" 2024-cü ilin III rübündə 312 milyon 996 min manat aktivlərə malik olub. Aktivlərin 31 milyon 648 min manatı nağd vəsaitlərdən, 16 milyon 719 min manatı qiymətli kağızlara yatırımlardan, 38 milyon manatı isə digər banklar və maliyyə institutlarındakı depozitlərdən ibarətdir. Qiymətli kağızlara yatırımlar əvvəlki illə müqayisədə 24 milyon 856 min manat (2,5 dəfə) azalıb.
Bankın kredit portfeli hesabat dövründə 11 milyon 941 min manat (7%) artaraq 192 milyon manata çatıb. Biznes kreditləri 5 milyon 174 min manat (5%) artaraq 101 milyon 399 min manata, daşınmaz əmlak kreditləri isə 8 milyon 556 min manat (14%) artaraq 70 milyon 374 min manata yüksəlib. Bank müştərilərinə 20 milyon 218 min manat istehlak krediti verib.
Depozitlər və kapital
"AFB Bank"ın öhdəlikləri 237 milyon 644 min manat, depozit portfeli isə 151 milyon 777 min manat təşkil edib. Depozitlərin 67 milyon 906 min manatı fiziki şəxslərə, 83 milyon 871 min manatı isə hüquqi şəxslərə aiddir. Bankın balans kapitalı isə 75 milyon 351 min manata bərabər olub.
Fuad Mədətov
Fins.az