Qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizə fonunda dayanıqlı maliyyə taksonomiyaları investisiyaların ətraf mühit və sosial məqsədlərə uyğunlaşdırılmasında mühüm vasitəyə çevrilib. Bu taksonomiyalar “dayanıqlı” təsnifatına uyğunluğu müəyyənləşdirərək investorlar, şirkətlər və aidiyyəti tərəflərə iqlim fəaliyyəti üçün kapitalın bölüşdürülməsi ilə bağlı əsaslı qərarlar qəbul etməyə kömək edir.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri urumun sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə. 2022-ci ildən etibarən Mərkəzi Bank, Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən dəstəklənən Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin (DBMŞ) fəal üzvü kimi mühüm təşəbbüslər həyata keçirir. T.Kazımovun BMK-nın Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Alfonso Qarsia Mora ilə bu strateji təşəbbüslərə dair fikirləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Məqalədə bildirilib ki, Mərkəzi Bank, milli və regional taksonomiyaların, eləcə də Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların müəyyənləşdirdiyi çərçivələrə uyğunlaşdırılmasını təklif edir. Bu yanaşma, dayanıqlı maliyyəyə praktik, həm də qlobal səviyyədə tanınan bir yanaşmanın təşviqini hədəfləyir.
Hazırda bir çox ölkə dayanıqlı maliyyə taksonomiyalarını qəbul etsə də, hüquqi çərçivələr arasındakı uyğunsuzluq çətinliklər yaradır. Müxtəlif standartların yaranması investisiya mühitində uyğunsuzluqlara və qlobal səviyyədə tanınan aktiv sinfinin yaradılmasına mane olur. Bu çətinliklərin aradan qaldırılması üçün vahid qlobal yanaşmanın tətbiqinin zəruriliyi vurğulanır. Belə bir yanaşma, universal prinsipləri, tərifləri və göstəriciləri əhatə edərək iqlim maliyyəsinin səmərəli axınını təmin edəcəkdir.
Hər bir ölkənin spesifik iqtisadi prioritetlərini və çağırışlarını nəzərə alan müştərək dayanıqlı maliyyə yanaşmasının tətbiqi çox vacibdir. Mərkəzi Bankın COP29 tədbirində Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi və Beynəlxalq Dayanıqlı Maliyyə Platformasının Ümumi Çərçivə Taksonomiyası kimi beynəlxalq nailiyyətlərə əsaslanan bir həll yolu təklif edəcəyi bildirilib.
Taleh Kazımov, Mərkəzi Bankın qarşılıqlı fəaliyyət imkanlarını genişləndirmək və dayanıqlı maliyyə sahəsində innovasiyaları təşviq etmək məqsədilə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyini bildirib. O, bu yanaşmanın daha dərin və likvid bazarların yaradılmasına, eyni zamanda sıfır emissiya hədəflərinə töhfə verəcək yaşıl layihələrə yatırılan investisiyaların artırılmasına kömək edəcəyini vurğulayıb.
Mərkəzi Bank, qlobal standartlarla yerli çeviklik arasında balans yaradan mərhələli yanaşmanı müdafiə edir. 70-dən çox inkişaf etməkdə olan ölkəni bir araya gətirən DBMŞ ilə əməkdaşlığı təşviq edən təlimatların hazırlanmasına da töhfə verilir. Sədr, Mərkəzi Bankın dayanıqlı maliyyə taksonomiyalarına qlobal yanaşmanın tətbiqində və sıfır emissiyaya doğru irəliləyişin təmin edilməsində qərarlı olduğunu qeyd edib.
Məqalə ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.
Fuad Mədətov
Fins.az