Mərkəzi Bankın 2024-cü ilin birinci yarısına dair Maliyyə Sabitliyi Hesabatında qeyd olunur ki, qiymətli kağızlar bazarının dövriyyəsində əhəmiyyətli artım müşahidə edilmişdir.
Fins.az xəbər verir ki, bazarın ümumi dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1.2 dəfə artaraq 18.6 milyard manata çatmışdır. Bu artımın əsas səbəbi repo və əks-repo əməliyyatlarının həcminin 2.3 dəfə (8.9 milyard manat) artmasıdır.
Yeni pul siyasətinin tətbiqi ilə repo/əks-repo əməliyyatlarının aktivliyi artmış, 2024-cü ilin birinci yarısında bu əməliyyatların həcmi 12.8 milyard manata çatmışdır. Korporativ qiymətli kağızların dövriyyəsi 53%, dövlət qiymətli kağızlarının dövriyyəsi isə 15% artmışdır.
Dövlət qiymətli kağızlarının tədavüldə olan həcmi 4.6% artaraq 8 milyard manata çatmışdır. Səhm bazarının kapitalizasiyası 25% artaraq 3.7 milyard ABŞ dollarına yüksəlmişdir.
Lakin investisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilmişdir. 2024-cü ilin ilk yarısında investisiya şirkətlərinin xalis mənfəəti 4.4 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15.4% azalma deməkdir. Azalma əsasən inzibati xərclərin artımı ilə bağlıdır.