BANK

24 Sentyabr

Fed-in faiz endirimləri qlobal inflyasiya riskini artıra bilər

Həftənin ilk iş günündə ABŞ Federal Ehtiyat Sistemi (Fed) üzvləri, 50 baza bal faiz endiriminin ardından əlavə genişlənmə siqnalları verərək maliyyə bazarlarını hərəkətə gətirdilər. Chicago Fed Prezidenti Austan Goolsbee, neytral faiz dərəcəsindən hələ də “yüzlərlə baza balı” uzaqda olduqlarını qeyd edərək, gələn 12 ay ərzində bir neçə faiz endirimi gözlədiklərini bildirdi.

Fins.az xəbər verir ki, Goolsbee, uzun müddət məhdudlaşdırıcı siyasətin iqtisadi hədəflərin yerinə yetirilməsində uyğun nöqtəni qaçırma riskini artıracağını vurğuladı. Eyni zamanda, Atlanta Fed Prezidenti Raphael Bostic, neytral faiz dərəcəsindən uzaqda olduqlarını qəbul etsə də, daha ehtiyatlı bir yanaşma sərgilədi.

Minneapolis Fed Prezidenti Neel Kashkari, ilin qalan hissəsində 25 baza balı endirimi təklif etdi. Lakin, Wall Street strateqi Ed Yardeni, Fed-in aqressiv faiz endirimlərinin ABŞ səhmlərinin yeni zirvələrə qalxmasına səbəb ola biləcəyini qeyd etsə də, diqqətli olunmadığı təqdirdə bu endirimlərin inflyasiyanı yenidən artırma riskini daşıdığını xəbərdarlıq etdi.