BANK

24 İyun

Daxili İşlər Nazirliyindən bank kartı sahiblərinə xəbərdarlıq

Vətəndaşlar sosial şəbəkələrdə yaxşı tanımadıqları, yeni tanış olduğu şəxsə öz bank kartını göndərməkdən, hər hansı əşyanın alınması zamanı beh formasında vəsait ödənilməsindən və şübhəli onlayn ödəmələrin edilməsindən çəkinməlidirlər.

Bunu Fins.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O, bank kartlarından fırıldaqçılıqla vəsaitlərin əldə olunması və talanması ilə bağlı vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinə edilən müraciətlərə toxunaraq bildirib ki, kart fırıldaqçılığı ilə əlaqədar vətəndaşlar tərəfindən edilən müraciətlərin hər biri nəzarətə götürülür və heç bir müraciətə etinasız yanaşılmır.

“Bu sahədə daha çox  insanların etbarından suistifadə etmə halı müşahidə edilir. Bankomatdan təqaüdünü, maaşını çıxarmaq istəyən şəxsə kənardan hər hansı şəxsin kömək təklif edərək onun bank kartının rekvizitlərini əldə etməsinə dair çoxsaylı müraciətlər daxil olur. Onların da böyük əksəriyyəti polis tərəfindən müvafiq qaydada müəyyən olunaraq tapılır. Vətəndaşa dəyən ziyanın ödənilməsi və şübhəli şəxsin tutularaq istintaq orqanına təhfil verilməsi və təhqiqatının aparılması işi daim diqqət mərkəzində saxlanılır”, - deyə E. Hacıyev qeyd edib.

E. Hacıyev vətəndaşların bankomatdan pul çıxaran zaman yaxud onlayn ödəmə edən zaman diqqətli olmalarının əsas faktor olduğunu vurğulayaraq “Bizim əsas tövsiyəmiz xüsusilə təqaüd yaşında olan vətəndaşlar tanımadığı şəxslərin köməyindən istifadə edən zaman rastlaşdıqları talama faktları ilə bağlı diqqətli və məsuliyyətli olaraq, kənar şəxslərə öz bank kartlarının rekvizitlərini təqdim etməsinlər”, - deyə qeyd edib.

O eyni zamanda bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yaxşı tanımadıqları yeni tanış olduğu şəxsə öz bank kartını göndərməkdən, hər hansı əşyanın alınması zamanı beh formasında vəsait ödənilməsindən və şübhəli onlayn ödəmələrin edilməsindən çəkinməlidirlər.

Müəllif:Aynur Qəniyeva