BANK

21 Yanvar

Qazprombank-dan manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Azərbaycanın valyuta bazarında vəziyyət sabitdir, əhalinin xarici valyutaya tələbi normallaşıb. Fins.az-ın məlumatına görə, "Qazprombank"ın (QPB) ekspertləri belə hesab edirlər.

"Yanvarın 19-da Mərkəzi Bankın keçirdiyi hərracda valyutanın satış həcmi bir həftə əvvəl keçirilmiş hərracın nəticələri ilə müqayisədə 2,1 dəfə azalıb və yenidən dekabr səviyyəsinə qayıdıb. Beləliklə, hesab edirik ki, Azərbaycanın valyuta bazarında vəziyyət sabitdir, əhalinin xarici valyutaya tələbi normallaşıb", - deyə QPB-nin "Bazarların naviqatoru" adlı icmalında bildirilir.

QPB-də qeyd edirlər ki, ötən həftə Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq və 2021-ci ildə bu məsələyə xüsusi diqqət ayırmaq niyyəti barədə açıq siqnal verib.

"Qazprombank"ın analitikləri hesab edirlər ki, Azərbaycan məzənnəni sabit saxlamaq üçün kifayət qədər ehtiyata malikdir. "Azərbaycan beynəlxalq ehtiyatlarla ən çox təmin olunmuş MDB ölkələrindən biridir. 1 yanvar 2021-ci il tarixinə olan vəziyyətə görə, ARDNF-in aktivləri nəzərə alınmaqla, Azərbaycanın beynəlxalq ehtiyatları təqribən $50 milyard təşkil edib və 57 aylıq idxalı ödəməklə ÜDM-in 100%-ni üstələyib", - deyə icmalda vurğulanır.

Xəbər verildiyi kimi, AMB 12 və 14 yanvar tarixlərində valyuta hərraclarında $142,2 milyon və $100,1 milyon satıb ki, bu da bir həftə əvvəl valyuta satışının həcmindən demək olar ki, 2 dəfə çox olub.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, Azərbaycanda nağd dollarla bağlı artan tələb müvəqqəti xarakter daşıyır. “Son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib. Lakin, neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək. Bir daha vurğulamaq istərdik ki, 2021-ci ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaq”, - deyə AMB-dən bildiriblər.

(c)İnterfaks Azərbaycan