BANK

26 İyul

"S&P": Azərbaycan iqtisadiyyatı 2021-2023 illərdə orta hesabla 3,7% artacaq

"SP Global Ratings" beynəlxalq reytinq agentliyinin yeni proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və aşağı neft qiymətləri fonunda 6,9% azalacaq.

Məlumata görə, 2021-ci ildə ölkə iqtisadiyyatı bərpa olmağa başlayacaq və ÜDM-in gözlənən real artım tempi 2,9% səviyyəsində olacağı gözlənilir. Artım əsasən Azərbaycanın iqtisadiyyata göstərilən təzyiqləri yumşaldılmasına ayırdığı 3,5 mlrd. manatlıq stimullaşdırıcı paket, daxili istehlakın bərpa olunması və daha yüksək karbohidrogen ixracı hesabına baş verəcək.

"SP"nin gözləntilərinə görə, Azərbaycanda ÜDM-in real artım tempi 2022-ci ildə 5%, 2023-cü ildə isə 3% təşkil edəcək. Beləliklə, 2021-2023 illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 3,7%-ə bərabər olacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb.

(c)APA